
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, həbs edilən rusiyalılarla bağlı onu ABŞ və NATO ilə qorxutmaq lazım deyil.
“Biz bu problemi həll edəcəyik. Heç bir siyasiləşdirmə olmamalıdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, “bizə nə siyasi, nə də iqtisadi tamaşalar lazımdır”.
“Bizi nəticələri ilə qorxutmaq da lazım deyil. Biz nəticələr barədə hər şeyi bilirik. Bizi amerikalılar, natoçularla qorxutmaq lazım deyil. Əgər söhbət açıldısa, 33 nəfəri bura nə amerikalılar, nə də natoçular göndərib”, – deyə o bildirib.
Xatırladaq ki, 29 iyulda 33 Rusiya vətəndaşı həbs edilib. Belarus tərəfinin məlumatına görə, onlar “Vaqner” şəxsi hərbi şirkətinin döyüşçüləridir. Belarus tərəfi bildirir ki, həmin şəxslər ölkədə kütləvi iğtişaşların hazırlanmasında şübhəli bilinir.
Qeyd edək ki, Belarusda 9 avqustda prezident seçkiləri keçiriləcək.
Rusiya tərəfi isə bildirib ki, saxlanılanlar özəl mühafizə şirkətinin əməkdaşları deyil və onlar tranzitlə Belarusa gəliblər və minməli olduqları reysə gecikiblər. Əlavə edilib ki, həmin şəxslər hüquq zidd əməllər törətməyiblər və Rusiya Belarusun daxili işlərinə müdaxilə etməyib və etmir.






























