Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Tayvan aviaşirkətləri müştərilərinə bir günlük “heç haraya” uçuşlar təklif edir. Bu cür uçuşlar koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətlər ilə bağlı səfər etməyin qeyri-mümkünlüyünə görə populyarlaşıb.

Bildirilir ki, sərnişinlər Taoyuan beynəlxalq hava limanından göyə qalxan təyyarə biletləri ala bilirlər: həmin təyyarələr eniş etmədən Tayvan və yaxınlıqdakı ərazilər üzərində uçur və daha sonra çıxış nöqtəsinə geri qayıdır.

Məsələn, “StarLux Airlines” şirkəti çərşənbə axşamı təyyarədəki bütün 188 yeri sata bilib. “Dövrə” 7 avqustda baş tutacaq və 3 saat davam edəcək. Ekonom-sinif biletinin qiyməti təxminən 160 dollardır. “EVA Air” şirkəti isə analoji reys üçün 309 bilet satıb.

“China Airlines” şirkəti də uşaqlar və onların valideynləri üçün uçuşlar təklif edir. Bu uçuş ərzində sərnişinlər bort baxıcısı rolunda iştirak edə biləcəklər. 2 bu cür reys üçün biletlərin hamısı 6 dəqiqəyə tam şəkildə satılıb.