Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, “Superjob” iş axtarma servisi ən təhlükəli peşələrin reytinqini hazırlayıb.

30 iyul – 3 avqust tarixlərində keçirilmiş müvafiq sorğuda 1000 Rusiya vətəndaşı iştirak edib.

Siyahıda ilk yeri həkimlər tutublar. Əvvəllər rusiyalıların cəmi 2-3 faizi həkimlərin peşəsini riskli adlandırsalar da, hazırda hər 5-ci adam, yəni 20% bu fikirdədir.

Sorğu iştirakçılarının 10 faizinin fikrincə isə ən çox risk edənlər mədən işçiləridir.

3-cü yerdə isə 8% ilə yanğın söndürənlərdir.

Hərbi qulluqçular və FHN xilasedicilərinin fəaliyyətini isə riskli hesab edənlərin faiz göstəricisi eynidir – 6%.

Bundan başqa, sürücülər (4%), hüquq-mühafizə orqanlarının əməkdaşları (4%) və siyasi xadimlərin (4%) peşələri də bu siyahıya daxil olur.

Digər təhlükəli peşələr isə bunlar seçilib: təyyarə pilotu (2%), jurnalist (1%), müəllim (1%) və minatəmizləyən (1%).

“Hazırda pandemiya ilə əlaqəli olaraq tibb işçiləri 1-ci yerdədirlər. Həkim peşəsi artıq elə qəhrəmanlıqdır”, – deyə qeyd edilib.