Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda Maxata dağında hərbi şəhərciyin inşası 2022-ci ilin yayında başa çatacaq.
Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili məlumat verib.
Qaribaşvili bu gün Gürcüstan hərbçiləri üçün layihənin tikintisi ilə tanış olub. İnşa 2020-ci ilin oktyabrında başlayıb və hazırda 39 korpusdan 28-i tikilib. Daha öncə deyilmişdi ki, layihə 2022-ci ilin sonu üçün tamamlanacaq.
“Tikinti şirkəti olduqca sürətli templərlə işləyir. 1050 hərbçi üçün nəzərdə tutulmuş hərbi şəhərcik layihəsi 2022-ci ilin yayında başa çatdırılacaq. Bu, birinci mərhələdir, daha sonra bu rayonda daha 5 bu cür layihənin başladılması planlaşdırlır. Bu, bizim qəhrəman hərbçilərimiz üçün əsl yeni rayon olacaq. Hökumət hərbçilərimiz üçün layiqli şərait yaratmaq üçün hər şey edir”, – deyə Qaribaşvili qeyd edib.
Layihəyə əsasən, Maxata dağında 39 ədəd yeddimərtəbəli zabit korpusu inşa ediləcək. Ümumilikdə 1092 ailə mənzil əldə edəcək.
Hərbçilər misilsiz güzəştli şərtlərlə 50, 80 və 110 kvadrat metrlik mənzillər ala biləcəklər. Mənzilin 1 kvadrat metrinin qiyməti 200 dollar olacaq, lakin hərbçilər hər 1 kvadrat metr üçün bu məbləğin təxminən yarısını – təqribən 100 dollar ödəyəcəklər. Üstəlik olar daxili faizsiz kreditdən də yararlana biləcəklər.
Yaşayış kompleksi həmçinin uşaq və idman meydançalarının, daxili yollarıın, istirahət zonalarının və avtomobil dayanacaqlarının salınmasını da nəzərdə tutur.