
Az.shafaqna.com xəbər verir ki, epidemioloqlar Gürcüstan paytaxtı Tbilisinin ən böyük bazarları olan “Lilo” və “Dinamo”-da işləyən vətəndaşların yoxlanışını bitirib.
Məsələ ilə bağlı danışan Xəstəlik və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzin başçısı Amiran Qamkrelidze bildirib ki, bu bazarlarda COVID-19 xəstəliyinə yoluxma ilə bağlı 6 hal müəyyən edilib.
Qeyd edək ki, Qardabani rayonunun kəndlərində koronavirusa yoluxma ilə bağlı yeni hallar müəyyən edildikdə Tbilisi və ölkənin digər bazarlarında kütləvi yoxlamalar başladı.
Qamkrelidzenin məlumatına əsasən, “Lilo” bazarında çalışan şəxslər, yəni 4,7 mindən çox insan yoxlanılıb.
Hazırda epidemioloqlar “Lilo” bazarı ilə əlaqəli şəxslərin ailələrinin kontaktlarını da yoxlayırlar, buna görə də adıçəkilən bazarla bağlı statistika hələ arta bilər.
“Dinamo” bazarındakı yoxlama isə təsadüfi seçmə prinsipi ilə keçirilib. Koronavirus testini 500-dək insan verib və bütün nəticələr mənfi olub.
“Eyni prinsiplə “Eliava” bazarında da 500-dək insanın müayinəsi aparılır. Epidemioloqlar bu bazarda hələ bir neçə gün işləyəcəklər. Epidemioloji vəziyyət nəzərə alınmaqla, digər bazarlarda da yoxlamalar planlaşdırılacaq”, – deyə o bildirib.
Qamkrelidze qeyd edib ki, son bir neçə həftədə qeydə alınmış yeni yoluxma hallarının hamısının mənbələri müəyyən edilib.
Xatırladaq ki, 2 avqustda Tbilisinin “Eliava” inşaat materiallarının bazarının işçilərinin kütləvi koronavirus testləşməsi həyata keçirilib.





























