Qida Təhlükəsizliyi Agentliyinin “Könüllü qida nəzarətçisi” proqramı çərçivəsində fəaliyyətini başa vuran bir qrup könüllüyə sertifikatlar təqdim olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Az.shafaqna.com-a verilən məlumata görə, “Könüllü qida nəzarətçisi” proqramının icrasında məqsəd könüllülərin qida təhlükəsizliyinin təmin olunması prosesində fəal iştirakını təmin etmək, onların bu sahə ilə əlaqədar biliklərini artırmaq və ən əsası, qida təhlükəsizliyinin təmin olunması prosesinə könüllü qismində yardım göstərməkdir.
Layihədə iştirak edən könüllülər üç ay Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun aidiyyəti bölmələrində fəaliyyət göstərib. Proqrama cəlb olunan tələbələr dərsdənkənar vaxtlarında gələcək karyeraları üçün bilik və bacarıqlarla yanaşı, təcrübə toplayıblar.
Qeyd edək ki, indiyə qədər 351 gənc “Könüllü qida nəzarətçisi” proqramına qoşulub. Onlardan 12 nəfəri agentliyin və institutun müvafiq struktur bölmələrində işlə təmin olunublar.