Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 1-də Qusar rayonunda beynəlxalq şahmat turniri start götürüb.
İdarədən Az.shafaqna.com-a bildiriblər ki, yarışın məqsədi Azərbaycanda şahmatın inkişafı, eyni zamanda, istedadlı gənc şahmatçıların üzə çıxarılmasıdır.
Yetmişə yaxın şahmatçının iştirak etdiyi beynəlxalq turnirə Bakı, Sumqayıt, Xaçmaz, Qusar, Quba rayonları ilə yanaşı, Gürcüstan və Rusiya təmsilçiləri də qatılıblar.
2004-cü il təvəllüdlü və daha kiçik yaş qruplarına aid uşaqların mübarizə apardığı yarış 9 turdan ibarətdir və dörd gün davam edəcək.
Turnirin qalib və mükafatçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin qiymətli hədiyyələri, diplom və medalları ilə təltif ediləcək.





