Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, müxalifət Serbiya parlamentinin yeni çağırış deputatlarının bəzilərini yumurta atəşinə tutub.

Etirazçıların arasında “Kifayətdir” hərəkatının lideri və eks-iqtisadiyyat naziri Saşa Raduloviç də olub.

Qeyd edək ki, 3 avqustda Serbiya parlamentinin yeni seçilmiş 250 deputatının mandatları təsdiq edilib, onların andiçməsi baş tutub.

Bildirilir ki, onlarla etirazçı parlament qarşısındakı küçədə avtomobillərin hərəkətinə mane olmağa çalışıblar və Serbiya hökumətini milli maraqlara xəyanətdə ittiham edərək şüarlar səsləndiriblər. Onlar həmçinin parlamentin legitim olmadığını da bildiriblər.

Deputatlar parlament qarşısında şəkil çəkdirmək üçün küçəyə çıxdıqda, onlar yumurta atəşinə tutulublar. Etirazçıların atdığı yumurtalardan biri deputat Emes Uriyə dəyib.

Xatırladaq ki, Serbiyada 21 iyunda parlament seçkiləri keçirilib. 1 iyulda təxminən 200 min serbiyalı 234 seçki məntəqəsində yenidən səs verib.

Nəticədə Serbiya prezidenti Aleksandr Vuçiçin partiyası 60,65% səs və 250 mandatdan 188-ni qazanıb. Vuçin deyib ki, yeni hökumət 25 avqustadək formalaşdırılacaq.