Gürcüstan TŞ milli təhlükəsizliyi müzakirə etdi

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu gün Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında ölkənin təhlükəsizliyini təmin etməli olan 5 əsas istiqamət gözdən keçirilib.

MTŞ katibi, daxili işlər naziri Vaxtanq Qomelauri bildirib ki, müzakirə edilən ilk məsələlərdən biri kritik əhəmiyyətə sahib infrastruktur islahatı olub.

“Ümumi qanunverici baza layihəsi işlənib hazırlanıb. Həmin layihə ekspertizadan keçib və hazırkı mərhələdə sahə qurumları ilə razılaşdırılır. Qanun layihəsinin payız sessiyasında (parlamentə) daxil edilməsi planlaşdırılır. Bu mövzu bizim dövlətimiz üçün olduqca mühümdür. Kritik əhəmiyyətli infrastrukturun siyahısını tərtib etmək lazımdır”, – deyə o qeyd edib.

İclasda daha 4 məsələ də müzakirə edilib: ərazi bütövlüyü problemi, milli təhlükəsizlik konsepsiyası, kibertəhlükəsizlik üzrə milli strategiya və fəaliyyət planı, mütəşəkkil cinayətkarlıqla mübarizə strategiyası.

Qomelauri deyib ki, Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlıqla mübarizə strategiyası hazırlayıb və 1 iyulda sənəd Təhlükəsizlik Şurası nəzdindəki komissiyaya daxil ediləcək, daha sonra isə hökumət və parlamentə ötürüləcək.

“Biz Milli Kibertəhlükəsizlik Strategiyası və Fəaliyyət Planını müzakirə etdik. Qurumlararası işçi qrupu çərçivəsində sənədin hazırlanıb qurtarması prosesi tamamlanır. O, iyul ayının ilk yarısında təsdiq üçün hökumətə təqdim ediləcək. Daxili İşlər Nazirliyi həmçinin mütəşəkkil cinayətkarlıqla mübarizə strategiyası da hazırlayıb. 1 iyulda sənəd MTŞ nəzdindəki komissiyaya daxil ediləcək, daha sonra isə hökumət və parlamentə ötürüləcək”, – deyə o qeyd edib.

Bu məqaləni paylaş