
Az.shafaqna.com xəbər verir ki, şənbə günü İran hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı “Tondar” adlı terrorçu qruplaşmasının liderini həbs ediblər. Əməliyyatın təfərratları açıqlanmır.
Cəmşid Şarmahd Şirazda 2008-ci ildə İmam Hüseyn məscidində
törədilən terror aktının təşkilatçılığında ittiham edilir. Partlayış zamanı 10 nəfərdən çox insan dünyasını dəyişmiş, 200 nəfərə yaxın insan isə yaralanmışdı. Cəmşid Şarmahd İranda Şah hakimiyyətinin yenidən bərqərar olması üçün İran xaricində fəaliyyət göstərən “Tondar” adlı təşkilatını və saytını da təsis etmişdi. Sosial şəbəkə profillərində onun ABŞ-da Los-Ancelesdə yaşadığı qeyd olunurdu.
İran tərəfi terror qruplaşmasının maliyyə və digər dəstək göstərilməsində ABŞ xüsusi xidmət orqanlarını ittiham edir.

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Abbas Musəvi bazar günü brifinqində bu haqda danışıb.
O əməliyyatı təqdirəlayiq adlandırıb.
Musəvi sonra deyib: “İran xalqının yanında olduğunu iddia edən ABŞ İranda terror aktlarını planlaşdıran, günahsız insanların qanını axıdan terrorçulara öz ərazisində sığınacaq verir, onları müxtəlif formada dəstəkləyir. ABŞ “Tondar” terror qruplaşması və bu ölkə ərazisindən İran xalqına qarşı terror aktları planlaşdıran bütün terror qruplaşmalarını dəstəkləməsinə görə cavab verməlidir.”





























