Ermənistanda keçirilən erkən parlament seçkisinin ilkin nəticələri açıqlandı

Ermənistan Mərkəzi Seçki Komissiyası ümumi 2008 seçki məntəqəsindən səsvermənin nəticələrini yekunlaşdırıb.

Az.shafaqna.com BBC-yə istinadən xəbər verir ki, MSK-nın hesablamalarına görə, bu məntəqələr üzrə Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 53,92, Robert Koçaryanın “Hayastan” bloku 21,64 faiz səs qazanıb.

Üçüncü yerdə keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın başçılıq etdiyi “Pativ unem” (Təzim edirəm) blokudur. Bu blokun lehinə 5,23 faiz səs verilib. Lakin parlamentə mandat almaq üçün seçki blokları səslərin 7 faizlik həddini aşmalıdır.

Qaqik Tsarukyanın Firavan Ermənistan Partiyasına seçicilərin 3,96 faizi səs verib. Partiyalar parlamentdə təmsil olunmaq üçün 5 faizlik həddi keçməlidır.

Beşliyə 3,04 faiz səslə sabiq Ermənistan baş naziri Aram Sarkisyanın (1999-cu ildə parlamentdə terror aktı zamanı öldürülmüş baş nazir Vazgen Sarkisyanın qardaşı) başçılıq etdiyi Respublika Partiyası da daxildir.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi Partiyasının lehinə seçicilərin 1,54 faizi səs verib.

Ermənistan parlamentində 3 siyasi qüvvə olacaq

Növbədənkənar seçki nəticəsində Ermənistanın yeni Milli Məclisində Vətəndaş Müqaviləsi Partiyası, “Hayastan” bloku təmsil olunacaq.

Bunlardan başqa, 5,23 faiz səs qazanmış, lakin bloklar üçün nəzərdə tutulan 7 faizlik həddi aşmayan Artur Vanetsyanın başçılıq etdiyi blok da mandat alacaq.

Ermənistan qanunlarına əsasən, səsvermə nəticəsində yalnız iki siyasi qüvvə parlamentdə təmsil olunmaq üçün kifayət qədər səs qazanarsa, üçüncü, daha çox səs qazanmış, siyasi qüvvəyə də parlament təmsil olunmaq haqqı verilir.

Bu məqaləni paylaş