
Türkiyənin Sivas şəhərində Azərbaycana dəstək məqsədilə “Səninləyik, Azərbaycan!” adlı aksiya keçirilib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Türkiyənin İYİ Partiya Gənclər Təşkilatının dəstəyilə həyata keçirilən tədbirdə vətəndaş cəmiyyətinin nümayəndələri və bu şəhərdə yaşayan azərbaycanlılar iştirak ediblər. Aksiyada çıxış edənlər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə məhəl qoymayan, işğalçı və təcavüzkar siyasəti davam etdirən Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində törətdiyi hərbi təxribatları, sərhədyanı zonada yerləşən hərbi obyektləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutmasını, hərbçiləri və dinc sakinləri hədəfə almasını pisləyiblər.
Azərbaycan ordusunun Ermənistanın layiqli cavabını verdiyini vurğulayan aksiya iştirakçıları qardaş Azərbaycanın yanında olduqlarını bəyan ediblər.
Tədbirdə “Səninləyik, Azərbaycan!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ Azərbaycan torpağıdır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndirilib.






























