Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda pandemiya dövründə işindən məhrum olan və dövlətdən təzminat almaq istəyən vətəndaşların qeydiyyatı başa çatıb.

Qeydiyyat 31 iyul tarixinədək Səhiyyə Nazirliyinin saytında aparılıb.

İndiyədək dövlət artıq ümumilikdə 116,8 milyon lari (təxminən 39 milyon dollar) təzminat ödəyib.

Məlumata əsasən, müvafiq qeydiyyatdan təxminən 345,5 min özüməşğul şəxs qeydiyyatdan keçib. Onlardan da 160,1 min nəfəri 300 lari məbləğindəki (təxminən 100 dollar) birdəfəlik kompensasiya alıb. Onlara ümumilikdə 48 milyon laridən çox (16 milyon dollar) pul köçürülüb.

Rəsmi iş yerini itirmiş vətəndaşlara da 68,8 milyon lari (təxminən 23 milyon dollar) təzminat ödənilib. Onlar üçün 6 ay ərzində 200 lari (təxminən 70 dollar) məbləğində təzminat nəzərdə tutulub. Apreldə 90,1 min insana, mayda 135,6 min insana, iyunda isə 118 mindən çox insana ödəniş edilib. Pullar mərhələli şəkildə köçürülür.

Hökumətin qərarına əsasən, ölkə xaricindən kənarda mövsümi işlərdə çalışan vətəndaşlar da təzminat ala bilərlər. Dövlət portalında 35,6 minə yaxın bu cür insan qeydiyyatdan keçib. Onlardan 28,7 min nəfərə artıq 300 lari məbləğində birdəfəlik yardım edilib.

Dövlətin böhran əleyhinə planına əsasən, rəsmi iş yerini itirmiş şəxslər üçün 450 milyon lari, özüməşğul şəxslər üçün isə birdəfəlik ödəniş məqsədi ilə 75 milyon lari ayrılıb. Ümumilikdə 600 minə yaxın insan təzminat ala biləcək.