
Qurban bayramı münasibətilə Azərbaycan Polisi bəzi rayonlarda aksiya keçirib.
Az.shafaqna.com xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin facebook səhifəsində məlumatlar yayımlanıb.
Məlumata görə, Qurban bayramı münasibətilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki aztəminatlı ailələr ziyarət olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları 35-dən artıq belə ailəyə baş çəkib, bayram münasibətilə onları təbrik edərək, gətirdikləri qurban ətini onlara təqdim ediblər.
Vətəndaşlar da onlara göstərilən diqqətə görə, polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər. Zərdab rayonunda da Qurban bayramı münsibəti ilə aztəminatlı ailələrə bayram sovqatları verilib. Bayramla əlaqədar Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində şəhid ailələrinə, eləcə də aztəminatlı insanlara sovqat paylanılıb. Polis əməkdaşları qeyd edilən ailələrə baş çəkərək onları bayram münasibətilə təbrik edib müxtəlif ərzaq məhsullarından ibarət ərzaq bağlamalarını təqdim ediblər. Ümumilikdə polislər tərəfindən 20 ailəyə bayram sovqatı paylanılıb.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları da İslam aləmində ən müqəddəs bayramlardan olan Qurban bayramı münasibətilə rayonda yaşayan torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan ümumilikdə 174 aztəminatlı ailəyə bayram sovqatları paylayıblar. Şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə qurban payları və müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edən polislər, onları təbrik ediblər.




