Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, milyarder və “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvili sabiq baş nazir Giorgi Qaxariyanın öz partiyasını qurmaqda əlinin olmasını təkzib edir və bu cür əməkdaşlığı özü üçün “tamamilə qeyri-məqbul” hesab edir.
Xatırladaq ki, Qaxariya cari ilin fevral ayında tutduğu vəzifədən istefa verib və “Gürcü Arzusu” sıralarını tərk edib.
İlin əvvəlində siyasəti tərk edən və həmin zamandan da ictimaiyyət qarşısında görünməyən İvanişvili bu gün ilk siyasi bəyanatını edib.
İvanişvili deyib ki, siyasətdən gedəndən bəri Gürcüstandakı siyasi proseslərlə bağlı heç bir birbaşa və ya dolayı yolla bəyanatla çıxış etməyib və siyasi spekulyasiyalara bəhanə verməmək üçün öz mövqeyini açıqlamayıb.
“Siyasətdən gedərkən, əlbəttə ki, mən ictimaiyyət nümayəndələri ilə əlaqələrimi pozmadım. Mən ən mühüm hadisələr barədə ailə üzvlərimdən, dostlarımdan, qohumlarımdan, tanışlarımdan məlumat alırdım. Onlardan mən Giorgi Qaxariyanın partiyasının guya ki, mənim siyasi layihəm olması ilə bağlı spontan və ya bilərəkdən yayılmış şayiələr haqda öyrəndim. Siyasətdən getməyimə baxmayaraq, mən mənim adımın yalan məlumatla gürcü siyasəti ilə əlaqələndirmək cəhdələrini yenidən gördüyüm üçün, məlum mövzu ilə bağlı kiçik izahat verməkdə özümü borclu hesab edirəm”, – deyə İvanişvili qeyd edib.
Onun sözlərinə görə, artıq Gürcüstanda illərdir yanlış təcrübə halını almış peyk xarakterli saxta partiyaların yaradılması onun işi deyil.
“Saxta partiyaların yaradılması özü-özlüyündə yanlış haldır. Giorgi Qaxariya ilə siyasi əməkdaşlıq mənim üçün belə də qeyri-məqbul olardı. Bu illər ərzində biz Gürcüstan siyasətində çoxlu siyasi xətaların şahidi olduq və mən düşünürdüm ki, bu planda daha məni heç nə və heç kim təəccübləndirməyəcək. Lakin Giorgi Qaxariyanın bu ilin fevral ayında etdiyi şey, hətta bu fonda da, təəccübə səbəb olur”, – deyə o bildirib.
İvanişvili qeyd edib ki, hakim partiyanın liderlərindən biri və ən nüfuzlu dövlət məmuru tamamilə anlaşılmaz bir zamanda heç eşidilməmiş bir səbəblə istefa verib. İvanişvili deyib ki, bütün siyasi komandanın istəyinə əks olaraq, Qaxariya qanunun aliliyini qorumaq və qanunun icrasını istəməyib.
O, Qaxariyanın fevraldakı hərəkətlərini öz komandasına qarşı xəyanət, bundan da başqa, “öz dövlətinə qarşı birbaşa xəyanət” hesab edir.
“Hüquq və qanunun aliliyi istənilən dövlətin çox mühüm əsasıdır. Hər şeydən öncə, məhz qanunun aliliyinə münasibətlə istənilən siyasətçi və dövlət məmurunun fəaliyyəti qiymətləndirilməli və ölçülməlidir. Yüksək vəzifəli məmur qanunun aliliyinə qarşı çıxaraq bu bəhanə ilə öz postunu tərk edən zaman daha ciddi siyasi cinayəti təsəvvür etmək çətindir. Təəssüflə qeyd etmək istəyirəm ki, bütün bunlar məndə güclü məyusluğa səbəb oldu”, – deyə İvanişvili bildirib.
Onun sözlərinə görə, bütün bunların məntiqi davamı Qaxariyanın öz partiyasını yaratması oldu.
“Onun partiyasının heç bir ideoloji və ya konseptual əsası yoxdur, bu, hakim partiyadan az da olsa seçici səsi ələ keçirməyə imkan verən açıq-aşkar situasiya alətidir. Mənim ən sevimli ifadələrimdən biri budur – hər şərdə bir xeyir var”, – deyə o qeyd edib.
İvanişvili əlavə edib ki, Qaxariyanın istefasının hakim partiyada ciddi siyasi böhrana səbəb olacağı ilə bağlı təxmin var idi, lakin “Gürcü Arzusu” çətinliklərin öhdəsindən asanlıqla gələ və “dövlət institutlarını möhkəmlədə bildi”.
“Mənim siyasətdən gedişimdən sonra iki aparıcı dövlət məmurunun dəyişməsinə baxmayaraq, dövlət stabil şəkildə fəaliyyət göstərməyə davam edir”, – deyə o qeyd edib.
İvanişvili hakim partiyanın ayrı-ayrı şəxslərdən asılı olmamasını əsas hesab edir.
“Bu planda “Gürcü Arzusu”-nun əsl antipodu “Milli Hərəkatdır”. “Milli Hərəkat” özünün əvvəlindən axrınadək ağır kriminal keçmişə sahib fərdi liderindən asılıdır. Bu liderin ictimai məkandan çəkilməsi onun partiyasının dərhal çökməsi üçün bəsdir. “Gürcü Arzusu”-nun mənimlə birlikdə və mənim siyasətdən gedişimlə əldə etdiyi ən əsas nəticələrdən biri Gürcüstan siyasətindəki yanlış şəxsiyyətpərəstlik ənənəsinin sonudur”, – deyə o qeyd edib.
İvanişvili olduqca əmindir ki, onun qurduğu partiya “dövlətin möhkəmliyini, demokratik institutların müdafiəsini, hüquq və qanunun aliliyini uğurlu şəkildə təmin etməyə” davam edəcək və bu, “dövlətin inkişafı üçün zəruri şərtdir”.