Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, “Gürcüstan İnzibati Qayda Pozuntuları Məcəlləsi”-nə nəqliyyat vasitəsinin sərxoş halda idarə edilməsi halında inzibati tədbirlərin sərtləşdirilməsini nəzərdə tutan dəyişikliklər Gürcüstan parlamentinin insan hüquqları və vətəndaş inteqrasiyası komitəsi tərəfindən gözdən keçirilib.
Qeyd edək ki, 2020-ci ildə sərxoş sürücülərə görə 137 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər düynasını dəyişib, 214 nəfər isə xəsarət alıb.
Qanun layihəsinə əsasən, sərxoş halda avtomobil idarə etməyə görə sürücü 1 il müddətinə sürücülük vəsiqəsindən məhrum ediləcək, sərxoşluq testindən keçməkdən yayınan sürücü isə 300 lari məbləğində cərimələnəcək.
Sürücülük hüququnun dayandırılması dövründə sərxoş halda nəqliyyat vasitəsinin idarə edilməsinə görə 2 min lari məbləğində cərimə, 5-15 günlük inzibati həbs və sürücülük hüququnun dayandırılması müddətinin 1 il müddətinə uzadılması nəzərdə tutulub.
Sərxoş halda nəqliyyat vasitəsini idarə etməyə görə sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi “Vətəndaşlar” partiyasının liderləri Aleko Elisaşvili və Levan İoseliani tərəfindən parlamentdə irəli sürülüb.
Xatırladaq ki, hazırda sərxoş halda idarəetməyə görə sürücülər 6 ay müddətinə sürücülük vəsiqələrindən məhrum edilirlər. Təkrar pozuntu halında isə 700 lari cərimə, 1 illik sürücülük vəsiqəsindən məhrumetmə nəzərdə tutulub.