Rusiyanın Novosibirsk vilayətinin Moşkovo qəsəbəsində azərbaycanlıVəkil Abdullayevi başından güllələyərək öldürən polis nəzarətdən buraxılıb.
Az.shafaqna.com Sputnik-ə istinadən bildirir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko verib. Onun sözlərinə görə, polisi azad etməyi İK-nın sədri Aleksandr Bastrıkin tapşırıb. Bundan öncə Bastrıkin hadisə barədə təcili məruzə tələb etmişdi.
Bundan əlavə, bildirilir ki, Novosibirsk vilayətindəki regional İK idarəsində xidməti yoxlamalar keçirilib, həmçinin hadisənin bütün iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilib.
Azərbaycanlı necə öldürüldü?
Mayın 28-də Novosibirsk şəhərində Dövlət Yol Polisi əməkdaşı tərəfindən azərbaycanlı Vəkil Abdullayev silahla başından atəş açılaraq qətlə yetirilib. Sosial şəbəkələrdə baş vermiş hadisənin yayılan görüntüləri zamanı yol polis əməkdaşının Vəkil Abdullayevə qarşı kobudluq etdiyi, onun qollarını buraraq polis avtomobilinə söykədiyi zaman tabel silahı ilə ona atəş açdığı görünür. Başından ağır yaralanan həmyerlimiz mayın 30-da xəstəxanada vəfat edib.
Bu hadisə Azərbaycanın fəal sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olub. Onlar Azərbaycanın Moskvadakı səfirliyini və hökuməti rəsmi Rusiyadan baş verən hadisə ilə bağlı hesab sormağa çağırıblar. Məsələni ABŞ-da polislərin qaradərili vətəndaşları öldürməsi ilə müqayisə ediblər.
Səfirliyin bəyanatı
Azərbaycanın Rusiyadakı Səfirliyi Novosibirsk şəhərində polis əməkdaşının silahla qətlə yetirdiyi 19 yaşlı azərbaycanlı barədə məlumat yayıb. Məlumatda qeyd olunub ki, faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müvafiq müraciət edilib.
“Bu ilin 28 may tarixində Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, – deyə məlumatda vurğulanıb.