Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, hər il dünyada münaqişələrə görə çox sayda uşaq həyatını itirir.
Hazırda silahlı münaqişə zonalarında yaşayan uşaqların sayı isə təxminən 160 milyon nəfərdir.
Buna BMT və beynəlxalq QHT olan “Save The Children”-in məlumatları dəlalət edir.
1982-ci ildə BMT 4 iyunu Beynəlxalq Günahsız – Aqressiya Qurbanı Uşaqlar Günü elan edib.
Həmin zaman sözügedən qərar İsrail hücumlarına məruz qalmış fələstinli və livanlı uşaqlara görə qəbul edilmişdi.
BMT-in məlumatlarına görə, son 10 ildə münaqişələr səbəbi ilə ölən və ya əlil olan uşaqların sayı 93 mindən çoxdur.
2020-ci ildə uşaqlara qarşı ən çox hüquq pozuntusu qeydə alınıb – 2019-cu ildəkindən 26 min çox.
Qeyd edilir ki, 2020-ci ildə uşaqlara qarşı 250 min ciddi hüquq pozuntusu halı qeydə alınıb.
Fələstin, Yəmən, Konqo Demokratik Respublikası, Somali və Əfqanıstan hüquq pozuntusu hallarının ən yüksək olduğu ölkələrdir.
2010-cu ildən bəri hər gün münaqişələr zamanı 25 uşaq dünyasını dəyişir və ya xəsarət alır.s
“Save The Children”-in hesabatına əsasən, 2020-ci ildə qaynar münaqişə zonalarında yaşayan uşaqların sayı 2 faiz artaraq 160 milyon nəfərə çatıb.
2019-cu ilin hesabatına əsasən, uşaqların yaşadığı daha çox təhlükəli ölkələr Asiya və Afrikada yerləşir.
Bu siyahıya Əfqanıstan, Cənubi Sudan, İraq, Konqo Demokratik Respublikası, Mali, Nigeriya, Mərkəzi Afrika Respublikası, Somali, Sudan, Suriya və Yəmən daxildir.
BMT məlumatlarına əsasən, dünyada 250 minə yaxın uşaq münaqişələrə cəlb edilib. Həmin uşaqlardan döyüşçü, casus, daşıyıcı, aşpaz və ya kuryer kimi istifadə edilir.
Qızlar isə cinsi zorakılığa məruz qalırlar. Onlar bütün hüquqlardan məhrumdurlar.