Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Tbilisi yeni nəqliyyat şəbəkəsinin tam tətbiqindən sonra ictimai nəqliyyatı gözləmə vaxtı ortalama olaraq 4 dəqiqəyədək azalacaq.
Bu barədə Gürcüstan paytaxının vitse-meri İrakli Xmaladze nəqliyyat siyasəti sahəsində reallaşdırılmış layihələrə dair məruzənin təqdimatında bildirib.
“Biz 3 mərhələdən ibarət yeni nəqliyyat şəbəkəsini hazırladıq və mərhələli şəkildə onu tətbiq edirik. O,sürətlə hərəkət edən dəhlizdən və onu qidalandıran dəhlizlərdən ibarətdir və onlar şəhər və regional əhəmiyyətli iki marşrutu birləşdirir. Sürətli tranzit dəhlizi boyu 12 metrlik avtobuslar hərəkət edir, gələcəkdə isə 18 metrlik avtobuslar hərəkət edəcək, şəhər və regional marşrutlarda isə 6, 8 və 10 metrlik avtobuslar hərəkət edir”, – deyə o qeyd edib.
Bu şəbəkənin tam tətbiqindən sonra gözləmə vaxtının ortalama 4 dəqiqəyədək azalacağını deyən Xmaladze əlavə edib ki, avtobusların sərnişin axınının tutum və buraxılış qabiliyyəti 2,5 dəfə artacaq.