Hikmət Hacıyevdən Şuşadakı məktəblə bağlı açıqlama

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfdən minnətdarlıqla qarşılanmışdı.

Az.shafaqna.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  Azertac Dövlət Agentliyinə açıqlamasında deyib.

Hikmət Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.

“Mütəxəssislər səviyyəsində incəsənət məktəbi binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub.

Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunaraq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanılacaq”, – deyə Prezidentin köməkçisi qeyd edib.

Qeyd edək ki, açıqlama Türkiyənin MHP partiyasının lideri Devlet Bahçeli Şuşada məktəb açmaq təşəbbüsündən geri çəkildiklərini” bildirdikdən sonra gəlib.

Bahçeli Twitter hesabında açıqlama verən partiya lideri Azərbaycan hökumətinin layihəni “qəbul etmədiyini” qeyd edib.

“Bu çərçivədə layihəmizi hazırladıq və ictimaiyyətlə paylaşdıq. İnşa etmək istədiyimiz məktəbə Azərbaycan himninin bəstəkarı və Şuşada anadan olan mərhum Üzeyir Hacıbəylinin adını verməyi düşünmüşdük. Sözügedən məktəbin təməlqoyma günü kimi 30 yanvar 2021-ci ili planlaşdırmışdıq. Ancaq Azərbaycan rəhbərliyi bizim bu layihəmizi qəbul etməyərək yeni və fərqli bir məktəb layihəsi hazırladı. Əlbəttə ki, bu qənaət onların ən təbii haqqıdır və onlara hörmət etməkdən başqa çarəmiz qalmır. Bu hadisələrə görə Milliyyətçi Hərəkat Partiyası Şuşada inşa etdirəcəyi məktəb layihəsindən imtina edib”, – o yazıb.

Bu məqaləni paylaş