22 May – Beynəlxalq Bioloji Müxtəliflik Günüdür

Az.shafaqna.com xatırladır ki, 22 may – Beynəlxalq Bioloji Müxtəliflik Günüdür. Bu barədə qərar 20 dekabr 2000-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən elan edilib.

Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.

Qeyd edək ki, 1992-ci ildə Keniyanın Nayrobi şəhərində Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiya qəbul olunub. Konvensiya dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə yaradılıb.

Azərbaycan sözügedən sənədə 2000-ci ildə qoşulub.

Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilib, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılıb, həmin ərazilərdə mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Müasir Azərbaycan faunası 18.000 canlıdan ibarət olub, məməlilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar ölkə faunasında 700 növlə təmsil olunub.

Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə edən 17 dəstəni təmsil edir.

Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü yaşayır.

Azərbaycanın həşəratlar aləmi də, son dərəcə zəngin olub, 25 minə yaxın növü əhatə edir.

Azərbaycan florasının biomüxtəlifliyinə isə dərman, efiryağlı, dekorativ, meyvə, texniki və digər faydalı bitkilər daxildir.

Bu məqaləni paylaş