
Az.shafaqna.com “IslamNews”-ə istinadən xəbər verir ki, Rusiya müsəlmanları ömrünü ən yoxsul insanların müalicəsinə həsr etmiş məşhur misirli həkim Məhəmməd Mişalinin doğmalarına və yaxınlarına başsağlığı veriblər.
Həkimin pasiyentləri imkansızlıq səbəbi ilə xəstəxanaya gedə bilməyən miskin insanlar olublar.
Ümumrusiya Beynəlmiləl Gənclər İttifaqının rəsmisi Aamat Mintsayev bildirib ki, Mişali əksər imkanlı kolleqalarından fərqlənirdi: o, varlanmağa can atmırdı.
Onun həyatındakı dönüş nöqtəsi pulsuzluğa görə öz xəstə uşağına insulin ala bilməyən çoxuşaqlı ana ilə görüş oldu. O zaman Mişali öz qarşısına məqsəd qoydu: ən məzlum insanları müalicə etmək.
Xalq arasında onu “yoxsulların həkimi” adlandırırdılar.

Həkim çox vaxt insanları pulsuz müalicə edərdi, pul alsa belə, 10 Misir funtu (təxminən 1,1 AZN) alardı. Üstəlik, həkim bəzən hələ çətin vəziyyətdə olan xəstələrinə pul yardımı da edərdi.
“Məhəmməd 50 ildən çox Tanta şəhərinin miskinlər yaşayan rayonunda xəstələrə xidmət edib. Gündə 12 saat – 9:00-dan 21:00-dək işləyərdi. Onun avtomobili yox idi və o, yaşının çoxluğuna baxmayaraq, işə piyada gedərdi. Onun yaşı 80-dan çox idi. Onun hətta mobil telefonu belə yox idi”, – deyə Mintsayev bildirib.
Bir neçə il öncə BƏƏ telekanallarından birində Mişaliyə həsr edilmiş süjet göstərilmişdi. O zaman həkimə dəstək məqəsdi ilə pul vəsaitlərinin toplanılmasına başlandı, varlı şəxslərdən biri ona 20 min dollar və avtomobil hədiyyə etdi. Lakin sonradan bəlli oldu ki, misirli həkim pulları möhtac insanlara paylayıb, hədiyyə edilmiş avtomobili isə sataraq tibbi avadanlıqların alışına sərf edib.
Bu yardım aksiyası zamanı ümumilikdə bir neçə milyon dollar toplansa da, həkim bu pullardan imtina edərək, onların evsiz və yetimlərə verilməsini istəyib.






























