Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın keçmiş ədliyyə naziri və baş prokuroru Zurab Adeişvili Gürcüstan vətəndaşlığından məhrum edilib.
Müvafiq sərəncam Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən imzalanıb.
Qeyd edək ki, Adeişvili 4 martda Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə Gürcüstan vətəndaşlığının dayandırılmasına dair ərizə ilə müraciət edib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Agentlik 80 gün ərzində məlum ərizəni gözdən keçirib və onun hüquqi əsaslarını araşdırıb, daha sonra isə müvafiq nəticə hazırlanıb və mövcud qanunvericilik çərçivəsində 7 mayda Gürcüstan prezidentinə yönləndirilib.
Prezidentin sərəncamına əsasən, Ukrayna vətəndaşlığı alması ilə bağlı olaraq Adeişvili öz istəyi əsasında Gürcüstan vətəndaşlığından məhrum edilib.
Xatırladaq ki, Adeişvili 2012-ci ildə Gürcüstanı tərk edib. Son illər o, Ukrayna hökumətində dövlət vəzifələri tutur.
Gürcüstanda isə onun barəsində həbs qərarı var. Prokurorluq onun Gürcüstana ekstradisiyasına nail olmağa cəhd edir.