Rusiyadan Avropa İttifaqının Donbasla bağlı bəyanatlarına cavab

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının Moskvanın Donbası Rusiyaya birləşdirmək cəhdləri barədə bəyanatlarını şərh edib.

Bu barədə Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir.

“(Rusiya – red.qeydi) heç vaxt bununla məşğul olmayıb. <…> Rusiya heç kimi udmağı planlaşdırmayıb, planlaşdırmır da”, – deyə Peskov bildirib.

Bloomberg agentliyinin Aİ üzvləri arasında yayılmış sənədə istinadən verdiy xəbərə görə, Brüsseldə Moskvanın yerli əhaliyə pasport paylamaqla Şərqi Ukraynanın bir hissəsini “de fakto inteqrasiyasına” cəhd etdiyini düşünürlər.

Agentliyin məlumatına görə, Avropa İttifaqı tərəfindən Ukraynanın “Rusiya təcavüzünə” qarşı tab gətirməsinə kömək etməli olan tədbirlərin nəzərdə tutulduğu sənəd hazırlanıb.

Qeyd edək ki, Moskva dəfələrlə Ukraynadakı münaqişədə tərəf olmadığını bəyan edib. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, pasportların verilməsi sırf humanitar xarakter daşıyır. Onun sözlərinə görə, Donbasda insan haqları ilə bağlı vəziyyət bütün hədləri aşır.

Xatırladaq ki, 2019-cu ilin aprelindən etibarən Rostov vilayətində Rusiya pasportlarının verilməsi mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə qondarma Luqansk və Donetsk xalq respublikalarının sakinləri sadələşdirilmiş qaydada həmin pasportları ala bilərlər.

Bu məqaləni paylaş