Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, mütəxəssislər Gürcüstanın quru sərhədlərinin açılması məsələsini müzakirə edirlər.
Bunu Gürcüstan Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzinin başçısı Amiran Qamkrelidze bildirib.
Bu mövzu, ehtimal ki, Qurumlararası Koordinasiya Şurasının iclasında da müzakirə ediləcək.
Qamkrelidzenin sözlərinə görə, quru sərhədlərinin açılışı ölkə üçün böyük riskdir.
“Quru sərhədini keçənlərin sayı qat-qat çoxdur. Məxsusən də, ətrafımızdakı ölkələrdən. Buna əsaslanaraq, biz özümüz və ətrafımızdakı epidemioloji vəziyyəti nəzərə almalıyıq. Hər şeyi birdən açmaq olmaz”, – deyə o qeyd edib.
Xatırladaq ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava demişdi ki, Gürcüstan yüksək vaksinasiya tempi şəraitində quru sərhədlərini aça bilər.