
Az.shafaqna.com “Rustavi 2”-yə istinadən xəbər verir ki, Tbilisidə naməlum şəxslər Gürcüstan Futbol Federasiyasının (GFF) keçmiş vitse-prezidenti Leri Sulaberidzenin maşınını atəşə tutublar.
İnsident ötən gün axşam saatlarında Tsxneti qəsəbəsinə gedən yolda baş verib. Sulaberidzenin avtomobilinə bir neçə dəfə atəş açılıb. Sürücü yaralanmayıb.
Sulaberidze ehtimal edir ki, atəş qarşıdan gələn avtomobildən açılıb. O deyir ki, hücum edənlərin kim olduqlarını və motivlərini bilmir.
Xatırladaq ki, o, əvvəllər “Dinamo-Tbilisi” futbol komandasının sahiblərindən biri olub. O, artıq beş ildir ki, klubdakı pay hüququnun bərpasına nail olmaq üçün məhkəmə iddiasını davam etdirir. KİV-lər baş vermiş hadisənin bununla bağlı olduğunu istisna etmir.
Sulaberidze gecə saatlarınadək polis tərəfindən dindirilib. DİN cinayət məcəlləsinin 2 maddəsi üzrə istintaqa başladıb. Şübhəlilərin axtarışı davam etdirilir.






























