Ağ Evin Pxenyanla diplomatiya planını açıqlamasından sonra Şimali Koreya ABŞ-a “çox ağır bir vəziyyətlə” qarşılaşacağı barədə xəbərdarlıq edib.

Az.shafaqna.com Voanews-a istinadən xəbər verir ki, mayın 2-də Şimali Koreyanın yüksək səviyyəli diplomatı tərəfindən verilən açıqlama Bayden administasiyasının nüvə silahına malik olan Şimali Koreya ilə danışıqlara açıq olduğunu ifadə edən siyasət planına ilk rəsmi reaksiya olub.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinin ABŞ-la bağlı işlər üzrə departamentinin baş direktoru Kvon Çon Qun ABŞ-ın yanaşmasını Koreya Xalq Demokratik Respublikasına qarşı “düşmənçilik əməllərini ört-basdır etmək üçün saxta lövhə” adlandıraraq rədd edib.

“ABŞ Şimali Koreyaya hələ də Soyuq Müharibə baxımından köhnəlmiş siyasəti davam etdirməklə yanaşsa, nəzarət edilə bilinməyəcək daha ağır böhranla qarşılaşacaq” – deyə, o əlavə edib.

Ağ Ev bir neçə ay davam edən daxili baxışdan sonra aprelin 30-da Şimali Koreya planının ümumi icmalını açıqlayıb. Bildirilib ki, ABŞ Koreya yarımadasının tam nüvəsizləşməsini istəyir.

Bu yanaşmadan razı qalmayan Şimali Koreya rəsmiləri ABŞ və Cənubi Koreyanın son hərbi təlimlərini tənqid edib və Pxenyanın insan haqları pozuntularını qınayan Bayden administrasiyasının “ölkənin ali rəhbərliyinin ləyaqətini təhqir etdiyini” deyib.

Konqesin birgə iclası qarşısındakı ilk çıxışında da Prezident Co Bayden Şimali Koreyadan gələn nüvə təhlükəsinə qarşı müqavimət göstəriləcəyini vurğulamışdı.