Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Qazaxıstan loukosteri olan “FlyArystan” Gürcüstan istiqamətində müntəzəm reyslərin icrasına başlayır.
Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi (MAA) məlumat verib.
“Air Astana” avia şirkətinə bağlı bu şirkət Kutaisidə yerləşən beynəlxalq hava limanından uçuşlar edəcək.
Atırau-Kutaisi-Atırau istiqamətindəki uçuşlar, həftədə 2 dəfə – cümə axşamı və bazar günləri olmaqla, 2 maydan 30 oktyabradək baş tutacaq.
Aktau-Kutaisi-Aktau marşrutu üzrə uçuşlar isə, həftədə 2 dəfə – çərşənbə axşamı və cümə günləri olmaqla, 4 maydan 30 oktyabradək baş tutacaq.
Bu dövrdə Nur-Sultan – Kutaisi – Nur-Sultan istiqamətində də uçuşlar olacaq – çərşənbə və şənbə günləri.
MAA artıq adıçəkilən şirkətə müvafiq icazəni verib.
Qeyd edək ki, hazırda müxtəlif şirkətlər tərəfindən Gürcüstan istiqamətində həftədə 70 reys icra edilir, yay üçün isə onların sayı 200-dək artacaq. Müqayisə üçün deyək ki, 2020-ci ilin avqust ayında həftədə 10-12 reys baş tuturdu.
Gürcüstanda müntəzəm uçuşlar cari ilin 1 fevralından bərpa edilib.