Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda hər min nəfərə 304 avtomobil düşür.
Üstəlik, həmin avtomobillərin əksəriyyəti 15 il öncə istehsal edilib.
Bunu “Galt & Taggart” şirkətinin araşdırması göstərib.
Sənədə əsasən, alıcılıq qabiliyyətinin aşağı olması səbəbi ilə Gürcüstan əhalisi ikinci əl hibrid və qənaətcil avtomobillərə üstünlük verir.
Alınan avtomobillərin orta istehsal tarixi 8 ildir.
Bununla yanaşı, satış üçün Gürcüstana gətirilən avtomobillərin 67%-i 1,5-2 litr motor həcmli, 19%-i 1,5 litrədək motor həcmli və yalnız 14%-i 2,5 litrdən çox motor həcmli olub.
2020-ci ildə bütün alınan və gömrükdən keçirilən avtomobillərin 42 faizi hibrid və ya elektroavtomobil olub, 36 faizi benzin mühərrikli və 21 faizi dizel mühərrikli olub.
Üstəlik, araşdırma göstərib ki, 2020-ci ildə Gürcüstanda avtomobil satışı 18% azalaraq 226 min maşın təşkil edib. Lakin aşağı tələbat qiymətlərə cüzi təsir edib – qiymətlər il ərzində cəmi 5% düşüb. Bəzi markalı avtomobillərin qiyməti isə onlayn avtohərraclara görə artıb.
Bundan başqa, 2020-ci il üçün Gürcüstanda 1,13 milyon avtomobil olub və onların da 87%-ni minik avtomobilləri təşkil edib. Ölkədə isə 1,31 milyon vətəndaşın sürücülük vəsiqəsi var.
Araşdırmaya əsasən, Gürcüstanda 180,4 min potensial alıcı var, lakin “car-sharing” proqramı və ictimai nəqliyyatın yaxşı işi ölkədəki avtomobil satışlarına mənfi təsir edə bilər.
Eyni zamanda, köhnəlmiş avtomobil bazarı isə avtomobil bazarını xilas edə bilər. Belə ki, Gürcüstandakı avtomobillərin orta yaşı 18,5 ildir, 10 və daha çox il öncə istehsal edilmiş avtomobillər isə texniki baxışdan keçmir.
Ölkədəki populyar maşınlara gəlincə isə, birinci yerdə “Mercedes-Benz”, 2-ci yerdə VAZ, 3-cü yedə isə “Toyota” və “Opel”-dir.
Yeni alınan avtomobillər arasında isə ilk yerdə “Toyota”, ondan sonra isə “Ford” və “Mercedes-Benz”-dir.