
Bu gün Gürcüstanın Marneuli şəhərində Azərbaycana dəstək xarakterli “İşğala son, Qarabağa azadlıq, sonra sülh!” şüarı ilə aksiya keçirilib.
Az.shafaqna.com xəbər verir ki, aksiya Marneulidə yaşayan azərbaycanlılar tərəfindən təşkil olunub.
Aksiya iştirakçıları əllərində “Qarabağa azadlıq!”, “Abxaziya, Osetiya Gürcüstandır!”, “Xocalıya ədalət”, “Azərbaycan var olsun, düşmənləri kor olsun!” və ingilis, gürcü dillərində plokatlar, həmçinin Gürcüstan, Azərbaycan bayraqları tutmuşdular.
Aksiyada həmçinin əslən Qardabanidən olan iyul döyüşlərində şəhid olmuş polkovnik İlqar Mirzəyevin şəkililə üstündə “Bir ölər, min dirilərik!”, altında isə “Hamımız İlqarıq” şüarı yazılmış plokatın olması da diqqət çəkib. Aksiyanın əvvəlində şəhidlərin əziz ehtiramı 1 dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Gürcüstanın ərazi bütövlüyü, gürcüstanlı azərbaycanlıların milli qarantı olan Azərbaycanın həmişə yanında olduğunu bildiriblər.
Aksiyada “Bir ölərik min dirilərik!”, “Qarabağ üçün hamımız İlqarıq”, “Qarabağ üçün hamımız Mübarizik”, “Azərbaycan var olsun, düşmənləri yox olsun” şüarları səsləndiriblər.
Aksiyada çıxış üçün söz Gürcüstan Parlamentinin deputatı Azər Süleymanova verilib.
Deputat hər kəsə təşəkkür edərək “Gürcüstanın hər bir bölgəsində belə bir aksiyalar, mitinqlər olmalıdır, xüsusilə paytaxtımız Tbilisidə. Gördüyümüz kimi Azərbaycan 30 ildir Ermənistanı sülhə dəvət edir. 30 ildən artıqdır ki, Azərbaycanlı qardaşlarımız doğma torpaqlarında şəhid olurlar. Biz Azərbaycanlıların heç bir ölkənin torpağında gözümüz yoxdur. Qarabağ torpaqları erməni terrorçuların tam azad olandan sonra sülh olacaqdır. Qarabağ Azərbaycandır, Abxaziya, Cənubi Osetiya Gürcüstandır. İşğal altında olan torpaqlar azad olmayınca, biz sülhdən danışa bilmərik. Biz heç kəsi müharibəyə dəvət etmirik. Bir daha Ermənistanı danışıq üçün masaya və torpaqları azad etməyə çağırıram. Dünyada 60 milyon azərbaycanlı var. Biz heç kəsi bir daha deyirəm müharibəyə çağırmırıq, lakin hər şeyin bir sonu, həddi var. Lakin biz Azərbaycan torpağı üçün, Gürcüstan torpağı üçün hər zaman mübarizə etməyə hazırıq. Burada heç bir siyasət yoxdur. İqtidar, müxalifət baxışlarımız yoxdur. Hamımız bu mövzuda birik. “, -deyə bildirib.
Azərbaycanlı deputat son günlərdə Erməni qruplaşmalarının Azərbaycanlılara qarşı Avropa, ABŞ və Rusiyada hücumları, biznes sahələrinə təzyiqlərinin qəbuledilməz olduğunu da diqqətə çəkib.
Deputat Azər Süleymanov bu cür təxribatları tənqid edərək “Ermənilərin bu tip təxribatlarını Gürcüstanda görmək istəmirik.”, – deyə əlavə edib.
Aksiyada din xadimləri, ictimai xadimlər də çıxış ediblər.






























