
Az.shafaqna.com rus mediasına istinadən xəbər verir ki, ABŞ Çindən Hyustondakı diplomatik missiyanın qapadılmasını tələb etdikdən sonra Pekin Vaşinqtona analoji cavab verərək Çendu şəhərindəki ABŞ Baş konsulluğunu bağlamağı tələb edib.
Hazırda iki ölkə münasibətləri, bəlkə də, ən pis mərhələsini yaşayır. ABŞ da, Çin də bir-birini qarşılıqlı əlaqəyə girmək istəyinin olmamasında ittiham edir və münasibətlər hər gün daha da pisləşir.
“The New York Times” yazır ki, Donald Tramp administrasiyası Çin hökumətini sərt tənqid edir və onun ünvanına müxtəlif ittihamlar səsləndirir.
Çinin “Sinxua” dövlət agentliyi baş verənləri “ABŞ hakimiyyətinin açıq-aşkar aqressiyası” adlandırıb.
Çinin XİN rəsmisi Xua Çunyin bildirib ki, “ABŞ Soyuq müharibə ritorikasından istifadə edərək yeni səlib yürüşü elan edir”.
O deyib ki, yeni xaç yürüşünün bu dəfəki hədəfi Çindir və ABŞ “bunu əbəs yerə edir”.
“ABŞ özünü ağacı aşırmaq istəyən qarışqa kimi aparır”, – deyə o əlavə edib.






























