Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Müdafiə Qüvvələri hərbi sahədə əməkdaşlığa dair saziş çərçivəsində Türkiyədən 2 mikroavtobus və müxtəlif xüsusi texnika əldə edib.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat verib.
Qeyd edək ki, sözügedən saziş iki ölkə arasında 2019-cu ildə imzalanıb.
Müxtəlif xüsusi avadanlıqlar və aerodrom üçün ikinci dərəcəli vasitələr Marneulidəki aerodromun maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəlib.
2020-ci ilin sonunda Türkiyə Gürcüstan Müdafiə Nazirliyinə 100 milyon lirə (təxminən 17,5 milyon dollar) qrant ayırıb. Qrant iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair hökumətlərarası saziş çərçivəsində hərbi təyinatlı məhsul və xidmətlərin alışı üçün təqdim edilib. Sənədə əsasən, məbləğ ayrıldıqdan sonra 5 il ərzində konkret layihələrə sərf edilməlidir.
“Türkiyə səfiri ilə birlikdə biz texnikanın Gürcüstan Müdafiə Qüvvələrinə təhvil verilməsində iştirak etdik”, – deyə Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze bildirib.
O qeyd edib ki, Gürcüstan ayrılan qrantların, demək olar ki, hamısını təyinatı üzrə sərf edib və bu, “bizə həmkarlarımızdan daha çox yardım əldə etməyə və əməkdaşlığı dərinləşdirməyə imkan verir”.
2020-ci il noyabr tarixli hərbi əməkdaşlıq sahəsindəki qrant çərçivəsində Türkiyə Gürcüsan Müdafiə Qüvvələrinə 35 avtobus və 12 ədəd zirehli malyükləyən ekskavator verib. 2021-ci ilin əvvəlində isə, Gürcüstana əlavə olaraq lazerli məsafəölçənlər və mühəndis avadanlıqları verilib.