Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində 4 Gürcüstan vətəndaşının ölümü ilə bağlı 10 apreli matəm günü elan edib.
Bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.
Bütün Gürcüstan ərazisində 10 aprel 00:00-dan 11 aprel 00-dək dövlət bayraqları endiriləcək. Müvafiq sərəncam Gürcüstan Baş naziri İrakli Qaribaşvili tərəfindən imzalanıb.
Xatırladaq ki, aprel ayının əvvəlində 2 kişi və 2 qadın Tagiloni kəndində çayı dayaz yerdən keçməyə çalışıblar. Bundan sonra onlarla əlaqə itib.
Onlardan 3-nün meyiti 7 apreldə səhər saatlarında çaydan tapılıb. 4-cü şəxsin cəsədi isə axşam saatlarında Zuqdidi rayonunun Orsantiya kəndi yaxınlığında aşkar edilib.
Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin iki maddəsi üzrə araşdırma başladıb – “qeyri-qanuni şəkildə azadlıqdan məhrum etmə” və “intihar həddinə çatdırma”. Ölkədəki standart protokollara əsasən, üzərilərində ilkin zorakılıq əlamətləri olmayan meyitlər aşkar edildikdə bu maddələrlə cinayət işi başladılır.