Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, hakim partiyada hər şey yolundadır və heç bir ciddi kataklizm gözlənilmir.
Bunu “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
Hər şeydən öncə o, Baş nazir İrakli Qaribaşvili ilə münaqişəyə görə partiya sədrliyi mövqeyini tərk etməsinə dair şayiələri təkzib edib.
“Funksiyalar komandada dəqiq şəkildə bölüşdürülüb və bu planda gələcəkdə dəyişiklik planlaşdırılmır… Nə bu, nə də o mərhələdə qarşıdurma olmayacaq, mən sizə söz verirəm”, – deyə o qeyd edib.
Kobaxidze həmçinin Tbilisinin hazırkı meri və “Gürcü Arzusu”-nun baş katibi Kaxa Kaladzenin hakim partiya və ümumiyyətlə siyasətdən getməsinə dair məlumatları “spekulyasiya” adlandırıb.
“O (Kaladze), müalicə kursu alır və bu kurs davam etməkdədir. Klinikadan buraxılmasına baxmayaraq, o, ev şəraitində müalicə almağa davam edir. Lakin yaxın günlərdə, həftənin sonunadək kütlə qarşısına çıxacaq və açıqlama verəcək. Kaxa Kaladzenin komandadan getməyinə gəlincə isə, bu, spekulyasiyadır”, – deyə Kobaxidze əlavə edib.