Bir neçə müddətdir Gürcüstan hökuməti qonşu ölkələrlə quru sərhədlərini açmaq üçün bəzi məsləhətləşmələr aparır.

Az.shafaqna.com xəbər verir ki, hökümətin hesablanmalarına görə, quru sərhədlərinin açılması iqtisadiyyatın sürətli inkişafına təkan verəcək.

Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qırmızı Körpü Sərhəd Keçid Məntəqəsinə baş çəkərək burada məntəqənin fəaliyyəti və infrastrukturu ilə maraqlanıb.

Sərhəd və gömrükçülərlə görüşən nazir “Qaydalara riayət etmək və peyvəndləmə prosesində fəal iştirak etmək sərhədləri açmağa imkan verəcək. Ona görə də bu gün hava sərhədləri ilə birgə quru sərhədlərini də açmağa şərait yaradan qaydalara ciddi şəkildə əməl etmək və peyvəndlənmə prosesində fəal şəkildə iştirak etmək çox vacibdir”, -deyə bildirib.

Qeyd edək ki, Gürcüstan 1 fevraldan müntəzəm beynəlxalq uçuşlarla bağlı bütün məhdudiyyətləri ləğv edib. Ölkəyə giriş yalnız hava ilə icazəlidir. Ölkənin quru sərhədləri isə hələ qapalıdır.

Onu da qeyd edək ki, Gürcüstanda turizm sektoru pandemiyadan ən çox zərər görmüş sahələrdəndir. Belə ki, 2019-cu ildə ölkəyə gələn turistlərin sayı 9,3 milyon nəfərdən çox olub və bu sahədən həmin il 3,3 milyard dollar gəlir əldə edilmişdi.