
Türkiyə Somalidə çox sayda əsgər və vətəndaşın ölümünə səbəb olan terror hücumlarını qınayıb.
Az.shafaqna.com TRT-yə istinadən xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı şərhdə bildirilir:
“Aprelin 3-ündə edilən terror hücumları nəticəsində çox sayda əsgər və vətəndaşın həyatını itirməsini böyük kədər hissi ilə qarşılayırıq. Bu mənfur terror hücumlarını kəskin şəkildə qınayır, dost və qardaş Somali hökuməti ilə xalqına ürəkdən başsağlıqlarımızı yetiririk. Hücumlarda həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara tezlikə şəfa tapmalarını diləyirik.
Türkiyə terrorla mübarizədə Somali hökuməti və xalqının yanında olmağa davam edir”.
Qeyd edək ki, Somali ordu komandirlərindən briqada generalı Məhəmməd Tahaliil dövlət radiosuna müsahibəsində Əş-Şəbab terrorçularının Aşağı Şabel bölgəsində Bariir və Avdheqldəki hərbi bazalara hücum etdiyini deyib. Əsgərlər hücuma cavab olaraq təşkil etdikləri əməliyyatla 76 terroçunu öldürmüş, 10-unu tutmuşdular. Eyni zamanda, əməliyyatda çox sayda əsgər də həyatını itirib.
Əş-Şəbab Bariir hərbi bazasında 47 əsgərin öldürüldüyünü, çox sayda hərbi maşının da ələ keçirildiyini deyir.
Paytaxt Moqadişuda təşkil edilən bombalı intihar hücumunda isə biri körpə olmaqla 5 adam həyatını itirib.
Eş-Şebab bölgədə tez-tez təhlükəsizlik qüvvələri və vətəndaş yerlərini hədəfə alan hücumlar edir.






























