Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Şida Kartli regionunun Kaspi bələdiyyəsinin İqoyeti, Samtavisi və Kvemo Çala kəndlərinin girişində virusun yayılmasının qarşısının alınması və vətəndaşların aktiv monitorinqi məqsədi ilə nəzarət məntəqələri quraşdırılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nəzarət məntəqələri Qurumlararası Koordinasiya Şurasının qərarı əsasında fəaliyyətə başlayıb. Adıçəkilən kəndə giriş və çıxış zamanları vətəndaşların termoskrininqi, zərurət halında isə testi həyata keçirilir.
“Kaspi rayonunun sözügedən 3 kəndi və digər kəndlərində giriş-çıxış məhdudlaşdırılmayacaq, sərt karantin məhdudiyyətləri bərqərar edilməyəcək. Gürcüstan Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət nümayiş etdirməyə, maska taxmağa və mövcud qaydalarına tabe olmağa səsləyir”, – deyə qeyd edilib.
İctimai nizam-intizama riayət və təhlükəsizlik məqsədi ilə polis aktiv şəkildə kəndlərdə patrul keşiyi çəkir. Nazirlikdən xatırladılıb ki, Gürcüstan ərazisində hər kəs müəyyən edilmiş tələblərə tabe olmalıdır.
Qeyd edək ki, adıçəkilən kəndlərdə epidemioloji vəziyyətin pisləşməsi səbəbi ilə oradakı məktəblər distant təhsil rejiminə keçirilib.
25 martdan indiyədək Kaspinin kəndlərində 91 yoluxma müəyyən edilib. 123 nəfər özünütəcrid rejimindədir. Regionda yoluxanların ümumi sayı 1 160 nəfərdir. Onlardan 221 nəfəri evdə müalicə alır. 525 nəfər isə özünütəcriddədir.