
“Azərbaycan tərəfinin digər ölkə ilə sərhədi açması diplomatik razılaşma əsasında həyata keçirilir. Sərhədi açıb vətəndaşları neytral zonada qoymaq yoluxma sayını daha da artıra bilər. Amma test etməklə ola bilər ki, sərhəddə gözləyən vətəndaşlar ölkəmizə, bizdən digər qonşu ölkələrə gedə bilsinlər. Bunun üçün mütləq qonşu ölkə də sərhədi açıb vətəndaşı qəbul etməlidir.”
Az.shafaqna.com xəbər verir ki, bunu “Sputnik Azərbaycan”a Dövlət Miqrasiya Xidməti yanında İctimai Şurasının sədri, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirib.
O bildirib ki, Azərbaycan sərhədi birtərəfli açıqdır. Azərbaycan da öz vətəndaşlarını qəbul edir. Həssas təbəqədən olan vətəndaşlarımız quru yolla ölkəmizə sərhəddən keçərək gəlirlər. Amma onlar iki həftə karantində qalırlar: “Bu gün Azərbaycanla sərhəddə minlərlə vətəndaşımız var. Onların hamısının ölkəmizə birdən-birə gəlməsi mümkün deyil. Çünki, həmin şəxslər qaydalara əsasən iki həftə karantində qalmalıdırlar. Bu qədər insana yer çatdırmaq da mümkün deyil. Ona görə də, düşünürəm ki, həmin vətəndaşlarımız hissə-hissə ölkəmizə keçə bilərlər”.
























