Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Cenevrədə danışıqların 52-ci raundu keçirilir. Əsas müzakirə mövzusu Gürcüstanın işğal edilmiş ərazilərindəki ağır humanitar vəziyyət olacaq. Həmçinin Zaza Qaxeladzenin qeyri-qanuni tutulması məsələsi də gözdən keçirilir.

Gürcüstan daxili işlər nazirinin müavini Laşa Darsaliyanın sözlərinə görə, 2008-ci il tarixli atəşkəsə dair sazişin icrası danışıq prosesində mühüm rol oynayır, çünki onsuz münaqişəni yoluna qoymaq mümkün deyil.

“2008-ci il tarixli 6 bəndlik atəşkəs razılığı, ilk növbədə, müharibəyədək mövcud olmuş status-kvonun geri qayıtmasıdır. Bunsuz münaqişənin yoluna qoyulması prosesini başlatmaq qeyri-mümkündür. Müvafiq olaraq da, bu prosesə alternativ yoxdur. Status-kvo bərpa edilmədən münaqişə həll edilməyəcək. Rusiya nümayəndə heyətinin özü 6 bəndlik razılaşmanın icrasından başqa hər şey barədə danışmağa çalışır ki, bu, həm Gürcüstan nümayəndə heyəti, həm də ümumilikdə proses üçün prinsipial şəkildə mühümdür”, – deyə o qeyd edib.

Darsaliyanın sözlərinə görə, Cenevrə danışıqları Gürcüstan-Rusiya münaqişəsinin aktual dinamikasını əks etdirməli olan alətdir. Ona görə də Cenevrədə baş verənlərlə yanaşı, münaqişə dinamikasında baş verənlər də mühümdür.

İnsan haqlarına gəlincə, bizim əsas məqsədimiz işğal edilmiş ərazilərdə beynəlxalq hüquq-müdafiə mexanizmlərinə daxil olmaqdır. Təəssüfə layiq həqiqət budur ki, Rusiya Federasiyası insan haqları məsələlərini danışıqlar masasında ticari kart kimi istifadə etməyə cəhd edir, bu, 21-ci əsrdə bizim üçün qətiyyən qəbuledilməzdir”, – deyə o əlavə edib.