
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aşağı və orta gəlirli ölkələr üçün vaksinlərin əlçatan olmasını məqsəd götürən “Covid-19” peyvəndləri Beynəlxalq Qəbuletmə Qlobal Proqramı (COVAX) təşəbbüsü çərçivəsində Afrikada 44 ölkəyə yeni növ koronavirus əleyhinə vaksin göndərilib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, ÜST-ün Afrika Bölgəsi “Twitter” hesabından yayılan bəyanatda bu günə qədər 7,7 milyon doza peyvəndin yüksək riskli bölgələrə çatdığı bildirilib.
Bəyanatda “”Covid-19″ peyvəndləri Beynəlxalq Qəbuletmə Qlobal Proqramı (COVAX) təşəbbüsü çərçivəsində44 Afrika ölkəsi bağışlar və ikitərəfli razılaşmalar vasitəsilə vaksinləri təhvil almışdır” ifadəsi yer alıb.
ÜST 44 ölkədən 32-nin peyvəndləmə prosesinə başladığı barədə məlumat paylaşıb.
Məlumatda peyvənd tədarükündəki çətinliklərə də diqqət çəkilib və Afrikada daha çox “Covid-19” əleyhinə vaksinə ehtiyac olduğu vurğulanıb.
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Africa CDC) dünyanın müxtəlif yerlərində, xüsusən Avropada “Covid-19” əleyhinə vaksinlərin tədarükündəki çətinliklərin Afrika ölkələrinə mənfi təsir edə biləcəyi xəbərdarlığını edib.
Hal-hazırda 4 milyon 168 min yoluxmanın olduğu qitədə həyatını itirənlərin sayı 111 mini keçib.






























