Amerika tərəfi Rusiya Prezidenti Vladimir Putinin həmkarı Cozef Baydenlə videokonfrans formatında ikitərəfli problemi müzakirə etmək təklifini dəstəkləməyib.

Az.shafaqna.com Sputnik-ə istinadən bildirir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

“Təəssüflə qeyd edirik ki, Amerika tərəfi Rusiya Prezidenti V.V.Putinin ABŞ Prezidenti C.Baydenlə yığılıb qalmış ikitərəfli problemlərin, eləcə də strateji stabillik mövzusunun martın 19-da və ya 22-də videokonfrans formatında, açıq şəkildə müzakirəsi təklifini dəstəkləmədi”, – bəyanatda yazılıb.

Diplomatik idarədən bildirilib ki, Vaşinqtonun günahı ucundan Rusiya-Amerika münasibətlərində yaranmış vəziyyətdən çıxmaq imkanı əldən verildi, buna görə bütün məsuliyyət isə ABŞ-ın üzərindədir.

Qeyd edək ki, bu günlərdə ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə bağlı söylədiyi fikirlər bütün dünyada böyük əks-səda doğurub.

Bayden bildirmişdi ki, Vladimir Putin seçkilərə müdaxilə ilə bağlı cavab verməli olacaq. KİV-də, həmçinin qeyd olunmuşdu ki, ABŞ prezidenti ABC telekanalına müsahibəsində Rusiya liderini qatil adlandırıb. Buna cavab olaraq, Putin Baydenə sağlamlıq arzulayıb və onu canlı yayımda teledebata çağırıb.