22 mart (1919-1995) filologiya elmləri namizədi, nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1949) və Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990) olmuş, M.F.Axundov adına ədəbi mükafat laureatı İsmayıl Şıxlının doğulduğu gündür.

Az.shafaqna.com” xəbər verir ki, İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934-1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936-1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.

İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir

1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Allah rəhmət eləsin.

Əvvəlki məqaləUkrayna XİN Azərbaycana təşəkkür etdi
Növbəti məqalədəZurabişvili Tacikistan prezidentini Gürcüstana dəvət etdi