
Az.shafaqna.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə martın 21-i Beynəlxalq Meşə Günü (İnternational Day of Forests) elan edilmişdir və 1971-ci ildən qeyd olunur.
BMT Baş Məclisinin 6 yanvar 2013-cü il qərarı ilə həmin ildən etibarən hər il martın 21-i qeyd edilir.
Beynəlxalq Meşə Günü meşələrin və meşə sahələrinin Yer kürəsində davamlı inkişaf və təhlükəsizlik üçün böyük əhəmiyyət daşımasına diqqəti cəlb etmək məqsədi güdür.
BMT Baş Məclisin bu qərarını Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı alqışlamış və üzv dövlətləri həmin gün xüsusi tədbirlər, o cümlədən ağacəkmə kampaniyaları keçirilməsini dəstəkləməyə çağırmışdır.
Yer kürəsi ərazisinin quru hissəsinin 31 faizi meşələrlə örtülmüşdür. Haqlı olaraq meşələri planetimizin ağciyərləri adlandırırlar. Yerin ekoloji sistemləri və atmosfer arasında karbon qazı mübadiləsi prosesində meşələr mühüm yer tutur. Dünyadakı meşələrin 13 faizi xüsusi qorunan təbii ərazilərə aiddir.
Son illərdə meşələrin qırılması, deqradasiya və yanğınlar nəticəsində Yer kürəsində meşələrin təhlükəli dərəcədə azalması meyilləri bütün beynəlxalq birliyi ciddi narahat edir.
Azərbaycanın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021min hektardır ki, bu da Respublika ərazisinin 11,8 %-ni əhatə edir.
Ərazilərin dəyişkən və mürəkkəb relyefli olması, meşə ağac və kol bitkilərinin dəniz səviyyəsindən 2000-2200 metr yüksəkliklərə qədər çatması ilə yanaşı, həm də zəngin və rəngarəng növ müxtəlifliyinin əmələ gəlməsinə səbəb olmuşdur.
İynəyarpaqlı meşələrdən Eldar oyuğu adlanan 400 ha-a yaxın sahədə kserofit şəraitdə Eldar şamı (Pinus Eldarica), rütubətli fıstıq meşələrində Qaraçöhrədən (Taxus Bacaata) ibarət enliyarpaqlı cinslərə qarışıq halda və ya kiçik meşəliklər şəklində təsadüf edilir. Belə meşəliklərə Böyük Qafqazda -Qəbələ rayonunda Həmzəli qəbiristanlığında, Pirqulu və Oğuz rayonu meşələrində, Xızı, Dahardibi adlanan meşələrdə, Kiçik Qafqazda – Göy-Göl, Gədəbəy meşələrində, Talış dağlarında – Lerik rayonu Hamazat kəndi ətrafı meşələrdə təsadüf edilir.
İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılmış ardıc meşələridir. Azərbaycan meşələrində – Qazax ardıcı (Juniperus Salina), Uzunsov ardıc (C. Oblonga), Cırtdan ardıc (C. Pugmaca), Alçaqboy ardıc (C. Depressa), Qırmızı ardıc (C.Polycarpos) və s. növləri bitir. Ardıc meşələrinin ən geniş sahəsi Bozdağda, Naxçıvan meşələrindədir. Ardıcın çox da geniş olmayan sahələrdə seyrək meşələri də vardır.
Meşə ilə örtülü sahə hakim cinslərə görə təqribən aşağıdakı kimi paylanmışdır: fıstıq-32%, palıd-31,4%, vələs-22,5%, qovaq-2,7%, qızılağac-2,1% qalan 9,3% digər cinslər (göyrüş, ağcaqayın, cökə, qarağac və s.) olduğu müəyyən edilmişdir. Meşələrin tərkibcə müxtəlif olmasına baxmayaraq, enliyarpaqlı meşələri əsasən fıstıq, palıd və vələs cinsləri əmələ gətirir. Meşə ilə örtülü ərazinin 85,9 %-i bu üç cinsin payına düşür.
Meşələrin yaş siniflərinə görə də paylanması müxtəlifdir. Belə ki, cavan meşələr meşə ilə örtülü sahənin 11,2%-ini, orta yaşlı ağaclar-63,3%-ini, yetişməkdə olan ağaclar-13,4%-ini, yetişmiş və yaşı ötmüş meşələr-12,1%-ini təşkil edir.
Azərbaycanın əksər meşələri (85%) yüksək dağ yamaclarında yerləşməklə torpaqqoruyucu, susaxlayıcı və iqlim təmizləyici, sanitar estetik və s. əhəmiyyətə malikdir. Qalan 15% düzən meşələrin payına düşür.






























