İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei 1400-cü hicri şəmsi ilinin başlanması münasibətilə ünvanladığı müraciətində Novruz bayramını böyük təntənə ilə keçirən bütün xalqları Novruz bayramı münasibətilə təbrik edib.

Az.shafaqna.com xəbər verir ki, Ayətullah Xamenei yeni ilin Şaban ayının bayramları ilə üst-üstə düşməsi, iki Nimeyi-şəban bayramının, yəni Həzrət Vəliyyi-əsrin (ə.c) viladət bayramının iki dəfə bu ilə təsadüf etməsi səbəbindən 1400-cü ilin maddi və mənəvi bərəkətlər ili olacağına ümidvar olduğunu bildirərək yeni ili “İstehsal, dəstəklər və maneələrin aradan qaldırılması ili” adlandırıb.

Çıxışı zamanı sanksiyalardan söz açan Ayətullah Xamenei “Başda ABŞ olmaqla İranın düşmənləri, İran xalqını diz çökürtmək istədilər. Əlbəttə, biz bilirdik ki, xalq ayaqda olacaq və onlar məğlub olacaqlar. Bu gün amerikalılar və onların avropalı dostları etiraf edirlər ki, maksimum təzyiq iflasa uğrayıb”.

Ayətullah Xamenei bildirib ki, qarşıdan seçkilərin gəlməsi, habelə istehsal sıçrayışı üçün əlverişli şəraitin olması səbəbindən 1400-cü il həssas və mühüm bir ildir: “1400-cü ilin xordad seçkiləri, ehtimal ki, yeni nəfəs və güclü istəyi olan yeni idarəedicilərin iş başına gəlməsi bu ili çox mühüm, həssas və ölkənin gələcəyində mühüm rol oynayan bir il edəcək”.