
Ümumdünya Səhiyyə Təşkilatı qlobal miqyasda ayrı-ayrı firmaların inkişaf etdirdiyi 300 milyon dozadan çox “Covid-19” peyvəndi tətbiq olunduğunu və ondan heç bir ölüm hadisəsi qeyd edilmədiyini bildirib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevre şəhərindəki mərkəzində video-konfrans yoluyla təşkil olunan mətbuat konfransında çıxış edərək deyib: “AstraZeneca” tərəfindən inkişaf etdirilən “Covid-19” peyvəndinin bəzi ölkələrdə istifadəsi dayandırıldıqdan sonra Ümumdünya Səhiyyə Təşkilatı Qlobal Peyvənd Təhlükəsizliyi Məsləhət Komitəsi toplanacaq. Komitə Avropa İttifaqının Dərman Agentliyi ilə qarşılıqlı çalışır. Amma bu gün bir çox ölkənin qarşı-qarşıya olduğu ən böyük təhdid “Covid-19” peyvəndlərini ala bilməməsidir.”
“AstraZeneca” peyvəndilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı elmi heyətinin baş mütəxəssis həkimi Sumya Svaminatan (Soumya Swaminathan) bu sözləri söyləyib: “Bu zamana qədər dünya üzrə 300 milyondan çox doza “Covid-19” peyvəndi tətbiq olunub, amma bundan ölüm hadisəsi qeydə alınmayıb. “AstraZeneca” və digər peyvəndləri istifadə edən insanlar narahatlıq keçirməsinlər. “Covid-19” virusunun milyonlarla insanın ölümünə bais olduğunu düşünərək epidemiyanın sona çatdırılması üçün peyvənd etmək şərtdir”.
Vaksin olunan şəxsin ölməsinə peyvəndin səbəb olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu isə Azərbaycan Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, hansısa bir şəxsin dünyasını dəyişməsi o demək deyil ki, həmin şəxs vaksindən ölüb: “Dünyada müxtəlif xəstəliklərdən və ya digər səbəblərdən ölüm hadisələri olur. Bu cür hallar adətən yaşlı insanlarda baş verir. Bu o demək deyil ki, həmin şəxs vaksinin təsirindən ölüb. Əgər vaksin olunandan sonra ölən olubsa, bu ölümün səbəbi araşdırılmalı, hansı səbəbdən öldüyü öyrənilməlidir. Bu vaxta qədər dünyada vaksindən ölüm halının baş verməsi ilə bağlı məlumat yoxdur”.






























