Foto: Azerbaijan.mfa.gov.ge Səfir Zurab Pataradze

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səiri Zurab Pataradze Bakı-Tbilisi arasında uçuşların bərpası ilə əlaqədar Azərbaycanın aparıcı turizm şirkətləri ilə görüşüb.

Gürcüstan səfirliyinin məlumatına görə, görüşdə AZAL Aviasiya Daşımaları Satışı İdarəsinin rəisi Niyazi Həsənov, Turizm Agentlikləri Assosiyasiyasının sədri Rüfət Hacıyev və Dövlət Turizm Agentliyinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Sevinc Zeynal iştirak ediblər.

Səfir turizm sahəsindəki cari vəziyyətə xüsusi diqqət ayırıb. O qeyd edib ki, pandemiya həm bütün dünyada, həm də Gürcüstanda bu sektora güclü zərbə vurub, lakin son zamanlar ölkədəki epidemioloji vəziyyət sözügedən sahəni aktivləşdirməyə imkan verir. Artıq qış dağ-xizək kurortları açılıb, otellər və restoranlar işləməyə başlayıb.

Pataradze dünyanın fərqli ölkələrindən Gürcüstana uçuşlar bərpa olunduğu, həmçinin Gürcüstana gəlmək istəyən əcnəbilər üçün tətbiq edilən son qaydalar barədə danışıb.

AZAL rəsmisi, öz növbəsində, görüş iştirakçılarına Bakı-Tbilisi-Bakı istiqamətindəki uçuşların cədvəli, həmçinin Bakı beynəlxalq hava limanı və təyyarələrin göyərtələrində müəyyən edilmiş qaydalar barədə məlumat verib.