Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, polis Qori şəhərində 33 yaşlını kişini qeyri-qanuni şəkildə odlu silah və döyüş sursatı saxladığına, həmçinin xuliqanlığa görə tutub.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.
İstintaqın məlumatına görə, müttəhim Qori küçələrindən birində havaya bir neçə dəfə atəş açıb, bundan sonra isə saxlanılma zamanı polis əməkdaşlarına müqavimət göstərib.
Aparılan axtarış zamanı ondan maddi dəlil qismində avtomatik odlu silah və 26 ədəd patron müsadirə edilib. Hadisə yerində həmçinin 6 ədəd giliz tapılıb.
Onun evində aparılan axtarış zamanı isə maddi dəlil qismində ov silahı və döyüş patronları müsadirə edilib.
Cinayət məcəlləsinin müvafiq maddələri üzrə araşdırma aparılır.
Həmin şəxs buna görə 4 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər.