Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, dünyada aclıqdan əziyyət çəkən insanların sayı arta bilər.
Bu barədə BMT Baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının (TŞ) iclasında bəyan edib.
“2020-ci ilin sonuna olan vəziyyətə əsasən, 88 milyondan çox insan münaqişələr və qeyri-sabitliyə görə şiddətli aclıqdan əziyyət çəkib – bu rəqəm il ərzində 20% artıb. 2021-ci il üçün olan proqnozlar bu qorxuducu tendensiyanın davam edəcəyini göstərir”, – deyə o bildirib.
Quterreş deyib ki, iqlimi sarsıntılar və pandemiya vəziyyəti daha da ağırlaşdırır.
“Əgər təcili addımlar atılmazsa, milyonlarla insan kəskin aclıq və ölümlə üz-üzə qalacaq. Proqnozlar göstərir ki, aclıq Sahel və Afrika Buynuzunda artır və yayılır və Cənubi Sudan, Yəmən və Əfqanıstanda sürətlənir. Aclığın elan edilməsinin bir addımlığında 30-dan çox ölkədə 30 milyondan çox insan yaşayır”, – deyə Baş katib qeyd edib.
Onun sözlərinə görə, 150 min insan aclıq səbəbindən ölüm riski ilə üz-üzədir, daha 16 milyon insan isə ərzaq təhlükəsizliyinin yoxluğu ilə üzləşəcək.
Xüsusilə də, o xatırladıb ki, Yəməndəki 5 illik müharibəyə görə 4 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Buna görə ölkədəki bütün uşaqların yarısı – 2,3 milyon uşaq bu il kəskin yarıac-yarıtoxluq vəziyyətindən əziyyət çəkəcək.
Ötən il Konqo Demokratik Respublikası dünyanın ən böyük ərzaq böhranını yaşadı: iyuldan dekabradək təxminən 21,8 milyon insan kəskin aclıqla üzləşdi.
Cənubi Sudanda ərzaq təhlükəsizliyi problemi son 10 ildən bəri ən kəskin haldadır.
“Ərzaq qiymətləri o qədər yüksəkdir ki, bir qab düyü və paxlanın qiyməti ortalama gündəlik əmək haqqından 180% bahadır”, – deyə o qeyd edib.
Bununla bağlı Quterreş dünyada aclığın qarşısının alınması məqsədi ilə yüksək səviyyəli işçi qrupun yaradıldığını bildirib. O, QHT, beynəlxalq maliyyə təşkilatları və digər ixtisaslaşmış qurumlarla əməkdaşlıq edəcək.