Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyənin 10-dan çox ali məktəbi inkişaf etməkdə olan iqtisadiyyata sahib ölkələrin ən yaxşı universitetləri – “Emerging Economies University Rankings 2021” reytinqinə daxil olub.
Türkiyənin həmin universitetlərindən 4-ü ilk yüzlüyə daxil olub. Onlar Sabançı, Koç, Çankaya və Bilkent universitetləridir.
Bu il reytinqdə rekord sayda – 48 ölkə və regiondan olan 606 universitet qiymətləndirilib. Bu, əvvəlki illə (533 universitet) müqayisədə 14 faiz çoxdur.
Təqdim edilən siyahıya əsasən, 2021-ci ildə ilk 5-liyə Çin ali məktəbləri daxil olub – Tsinxua Universiteti, Pekin Universiteti, Çjetszyan Universiteti, Fudan Universiteti və Şanxyanın Cao Tonq Universiteti.
6-cı yerdə Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti yerləşir.
Həmçinin 10-luğa daxildir – Çinin Elmi-Texniki Universiteti, Tayvan Milli Universiteti, Nankin Universiteti (Çin) və Keyptaun Universiteti (CAR).
Reytinqdə ən çox universitetlə təmsil olunan ölkə Çindir – 91 ali məktəb. Həmin universitetlərin də 35-i ilk 100-lüyə daxildir.
Qeyd edək ki, sözegedən reytinq 2004-cü ildən bəri hər il “Times Higher Education” jurnalı tərəfindən dərc edilir və universitetlərin ən nüfuzlu beynəlxalq reytinqlərindən hesab edilir.