Az.shafaqna.com “The Print”-ə istinadən xəbər verir ki, Çinin Pakistandakı səfirliyində çalışan məmurlardan biri sosial şəbəkədə etdiyi paylaşımla ölkə sakinlərinin böyük narazılığına səbəb olub.
Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Çjan Xetsin özünün rəqs etdiyi videonu “rədd olsun hicab, mənə öz gözlərini göstər” başlığı ilə paylaşıb.
Müsəlmanların haqlı qəzəbinə tuş gəldikdən sonra səfirlik əməkdaşı paylaşımını silib, lakin sosial şəbəkə istifadəçiləri Xetsin müsəlman xanımlar barədəki yersiz şərhi ilə bağlı ona öz iradlarını bildiriblər.
“Bir müsəlman və pakistanlı olaraq mən bu sözlərini olduqca təhqiredici hesab edirəm, hicab bizim üçün müqəddəsdir”, – deyə Məhəmməd Ənəs adlı istifadəçi yazıb.
Bir çox şərh yazanlar qeyd ediblər ki, rəsmi şəxsin bu cür fikirləri iki ölkə arasındakı münasibətlərin korlanmasına səbəb ola bilər. Politoloq Nəvid Əhməd isə bildirib ki, “Pakistan Si Cinpinin koloniyası deyil”.
